logo

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başlayıb

10:28 01-02-2019 | icon 4515
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başlayıb

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də respublikamızda yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, transfer.edu.az portalı vasitəsilə aparılan sənəd qəbulu fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına xidmət edir.

Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

Transfer.edu.az portalı vasitəsilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.