logo

Azərbaycan Gürcüstan üçün qazın qiymətini artırır

22:37 30-01-2019 | icon 3416
Azərbaycan Gürcüstan üçün qazın qiymətini artırır

Azərbaycan Gürcüstan üçün təbii qazın qiymətini artırır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkət və Gürcüstanın əsas qaz təchizatçısı olan “SOCAR Georgia Gas” (SGG) martın 1-dən pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifin 10,5% atrırılaraq 1 m3-ə görə ƏDV daxil 0,95 lariyə (cari məzənnə üzrə 0,36 dollar) qaldırılacağını elan edib. 

YeniAvropa xəbər verir  ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb. SGG-yə istinadla yayılan məlumatda bildirilir ki,  “qiymət dəyişikliyi milli valyutanın (larinin) ABŞ dollarına görə məzənnəsinin və qaz paylanmasnın tarifinin dəyişməsi ilə bağlıdır”.

Məlumatda o da deyilir ki, uzun illərdir bütün Gürcüstana təbii qazın nəqlini və paylanmasını həyata keçirən “SOCAR Georgia Gas Ltd” bu günə kimi regionda qazlaşdırılmanın və qaz infrastrukturunun inkişafına 300 milyon dollardan çox vəsait yatırıb və bunun nəticəsində yüz minlərlə ailə və kommersiya obyekti təbii qazdan istifadə imkanı əldə ediblər.

Xatırladaq ki,  “SOCAR Georgia Gas”  2007-ci ildə Gürcüstanda təbii qaz bazarının (həm topdan, həm də pərakəndə) inkişafı məqsədilə yaradılıb. Bu illər ərzində şirkət qaz şəbəkəsinə 250 mindən çox yeni abunəçi cəlb edib və hazırda ölkə üzrə 600 minə yaxın qaz abunəçisinə xidmət göstərir. Eyni zamanda, şirkət Gürcüstanın qazpaylama sistemində qaz itkiləri göstəricisini 10 dəfəyə yaxın – 3%-ə qədər azaldıb.

2018-ci ildə Azərbaycandan Gürcüstana 2,208 milyard m3 qaz nəql olunub ki, bu da 2017-ci ildə olduğundan 22,8% çoxdur. Gürcüstanın 2019-cu il üçün təbii qaz balansına görə, respublika Azərbaycandan 2 milyard 591,5 milyon kub metr qaz idxal etməyi planlaşdırır.(virtualaz.org)