logo

Paytaxtda hamama basqında 4 nəfər bıçaqlanıb

21:28 25-01-2019 | icon 4501
Paytaxtda hamama basqında 4 nəfər bıçaqlanıb

Bakıda hamama basqın olub. YeniAvropa xəbər verir  ki, bu barədə "Xezerxeber" məlumat yayıb. Qeyd edilib ki,  basqın edən şəxslər 3 ofisiant və bir müştərini bıçaqlayıblar. Hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu, Azadlıq prospektindəki hamamlardan birində baş verib. İnzibatçı Səyyar Əjdərovun sözlərinə görə, həmin naməlum şəxslər hamama gecə, sərxoş vəziyyətdə, iş vaxtının qurtarmasına 5-10 dəqiqə qalmış daxil olublar. İnzibatçı iddia edir ki, onlar hamama müştəri kimi gəlmədiklərini bildirərək işçilərlə mübahisə etməyə başlayıblar.

Müxtəlif bədən xəsarətləri alan ofisiantlar - Nazim Əhmədli, Sahib Quliyev, İsa Kərimli və bir müştəri dərhal ətrafda olan taksi sürücülərinin köməyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, onlardan Nazim Əhmədli və müştəriyə ilkin yardım edilərək evə buraxılıb. Sahib Quliyev və İsa Kərimli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onlara döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ilə bağlı gecə saatlarında 6 nəfər şəxs saxlanılıb. Hazırda iş üzrə istintaq aparılır.