“Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək. Azərbaycanın “Buta Airveys” şirkəti birinci reysi icra edəcək. Bu da çox əlamətdar hadisədir. Bu reys əlbəttə ki, insanları bir-birinə daha da sıx bağlayacaq, insanlararası əlaqələr güclənəcək, turizmin inkişafına təkan veriləcək və bir sözlə, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcək”. YeniAvropa xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev dünən Bakıda Bolqarıstan baş naziri Boyko Borisovla birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, iki ölkə humanitar sahədə də əməkdaşlığı dərinləşdirir: “Azərbaycanda Bolqarıstanın mədəniyyətinə, tarixinə, ədəbiyyatına çox böyük maraq var. Bakı Slavyan Universitetində bolqar dili və ədəbiyyatı mərkəzi fəaliyyət göstərir. Əlbəttə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət bizim dostluğumuzu daha da möhkəmləndirir və möhkəmləndirəcək”.