“ADEX-2018” III beynəlxalq müdafiə sərgisinin Bakıda yüksək səviyyədə təşkili üçün hazırlıq aparılır
2014-cü ildə keçirilən “ADEX” sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən 168 adda məmulat nümayiş etdirildiyi halda, 2016-cı ildə bu rəqəm 260 təşkil edib. Sərginin keçirildiyi günlərdə hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılıqlar əldə olunub, bir sıra layihələrin reallaşdırılması ilə bağlı fikir mübadilələri aparılıb. Eyni zamanda, məmulatların ixracı üzrə memorandum və niyyət protokolları imzalanıb. Hazırda 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan “ADEX” III Beynəlxalq müdafiə sərgisinin 2014-cü və 2016-cı illərdə keçirilmiş sərgilərdən daha yüksək səviyyədə təşkil olunması üçün hazırlıq işləri aparılır.
Bu fikirləri müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazir qeyd edib ki, dövlətimizin başçısının verdiyi tapşırıqlara əsasən, 2009-cu ildən ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin qabaqcıl firma və şirkətlərinin təmsil olunduqları beynəlxalq müdafiə sərgilərinə qatılan MSN cari ilin mayında İstanbulda keçirilmiş “İDEF-2017” beynəlxalq müdafiə sərgisində 260 adda məmulat nümayiş etdirib. Bir sıra yeni məhsullar ziyarətçilərə ilk dəfə təqdim edilib və bu da böyük maraqla qarşılanıb. Sərginin keçirildiyi günlərdə tədbirə qatılan digər ölkələrin nümayəndələri ilə gələn il Bakıda keçiriləcək “ADEX-2018” üçüncü beynəlxalq müdafiə sərgisində iştirakla bağlı razılaşmalar əldə olunub.
“Azərbaycan iki dəfə beynəlxalq müdafiə sərgisinə ev sahibliyi edib. Həmin sərgilərdə nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi kimi nümayiş etdirilib. Bu məmulatlar xarici və yerli nümayəndə heyətləri, eləcə də sadə insanlar tərəfindən böyük maraqla qarşılanıb”, - deyə Y.Camalov vurğulayıb.