logo

SOCAR IBM şirkəti ilə birgə müəssisə yaradıb

12:51 15-01-2018 | icon 2296
SOCAR IBM şirkəti ilə birgə müəssisə yaradıb

SOCAR və IBM şirkətləri “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıblar. YeniAvropa  xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Məlumatda qeyd edilir Ki, yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları (IT), biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir.

SOCAR-IBM birgə müəssisəsi SOCAR-a və regiondakı digər şirkətlərə rəqəmsal biznes transformasiyası və istehsalat effektivliyinin artırılması ilə bağlı xidmətlərini təklif edəcək. Nəzərdə tutulan transformasiya proqramı IBM-in qabaqcıl təcrübəyə əsaslanan proses və texnologiyalarını Azərbaycan və bütün regiona gətirəcək. Birgə müəssisə Azərbaycanda praktiki həllər və IT ilə əlaqədar analitika üçün baza yaradacaq, bununla da insan kapitalının inkişafına əlavə təkan verəcək. Bu strateji tərəfdaşlıq platforması SOCAR-ın sənaye təcrübəsi ilə IBM-in yüksək həcmli məlumatların hesablanması və rəqəmsal koqnitiv intellekt (özünütəlim) imkanlarını birləşdirməklə regionda çoxşaxəli sənaye həlləri və yeni səriştəliklərin yaranmasına mühüm töhfə verəcək.

Bu məqsədlə SOCAR-ın prezidenti Rövnəq Abdullayev  və IBM-in qlobal bazarlar üzrə baş vitse-prezidenti Erik Klementi  arasında əməkdaşlığa dair sənəd imzalanıb. Əldə olunmuş razılığa əsasən, SOCAR-IBM birgə müəssisəsi biznes fəaliyyətlərin intensiv inkişaf etdiyi digər sahələri, o cümlədən yeni coğrafi məkanları və müştəriləri də əhatə edə bilər.

Qeyd edək ki, IBM 170-dən çox ölkədə fəaliyyət göstərən qlobal miqyaslı müəssisədir. Dünyanın ən böyük İT və konsaltinq xidmətləri şirkəti olmaqla yanaşı, IBM həm də qlobal biznes və texnologiya lideri kimi cəmiyyətin gələcəyini hərtərəfli formalaşdırmaq məqsədi ilə tədqiqat və inkişaf sahələrinə yeniliklər gətirir. IBM özünün yüksək dəyərli tədqiqat imkanları, texniki inkişaf və istedadlı kadrlar sayəsində çağdaş dünyanın real problemləri üçün çalışan hökümətlər, şirkətlər, mütəfəkkir və fəallarla tərəfdaşlıq edir.