logo

Ötən il "195-2" Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub

10:17 15-01-2018 | icon 2471
Ötən il "195-2" Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub

Ötən il İqtisadiyyat Nazirliyinin "195-2" Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub. Bu müraciətlərin 8300-ə yaxını canlı rejimdə birbaşa, 2500-dən çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb. YeniAvropa İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 73 minə yaxın müraciət daxil olub.

Ötən il ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərdən istifadə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri və nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məlumat üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya qanunamüvafiq qaydada araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir. Vətəndaşlar 195-2 Çağrı Mərkəzi xidmətinin səsli menyusundan istifadə etməklə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, investisiya təşviqi sənədinin, hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə, qrant müqavilələrinin qeydə alınması qaydası, sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və istehlakçıların qanuni hüquqlarının müdafiəsi barədə ümumi məlumatlar əldə edə bilərlər.

Xüsusi avadanlıqlarla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir xidmət zalında fəaliyyət göstərən Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan bütün zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.