logo

Azərbaycan Banklar Assosiasiyasında 2018-ci ilin ilk iclası keçirilib

17:37 10-01-2018 | icon 2324
Azərbaycan Banklar Assosiasiyasında 2018-ci ilin ilk iclası keçirilib

Yanvarın 10-da Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun 2018-ci il üzrə ilk iclası keçirilib.

ABA-dan YeniAvropa-ya bildiriblər ki, iclasda Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Vergilər Nazirliyi ilə MCC kodların siyahısının rüblük əsasda yenilənərək palata və nazirliyə təqdim edilməsi məsələsi müzakirə olunub və razılıq əldə edilib.

Həmçinin, iclasda Qrupun 2018-ci il üzrə İş Planı müzakirə olunub. Müzakirə zamanı İş Planının əsas istiqamətlərinə və yeni ildə görüləcək işlərə toxunulub. Eləcə də, Elektron ticarət qaydasında edilən ödənişlərin həcminə dair banklardan statistik məlumatların toplanması və onun əsasında araşdırmanın hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.