Yanvarın 11-də 16/15 nömrəli Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, qatar yanvarın 11-dən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək. Məşhəd stansiyasına yanvarın 12-dən etibarən həftənin V günləri İran vaxtı ilə saat 14:25-də çatıb və həmin gün saat 22:00-da geriyə yola düşəcək. Naxçıvana qatar yanvarın 14-dən etibarən həftənin VII (bazar) günləri saat 6:00-da çatacaq.
Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 2016-cı il dekabrın 29-da hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb.
Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.