logo

Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləyib

17:54 21-09-2024 | icon 252
Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiqləyib

Sentyabrın 21-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolunun Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, seçki məcəlləsinin tələblərinə uyğunluğu və seçkilərin yekunlarının təsdiq olunmasına dair xüsusi konstitusiya icraatı qaydasında MSK-dan daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib.

İclasda məruzəçi qismində çıxış edən hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılmış və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib və həmin gün seçkilər keçirilib. Seçki məcəlləsinin 171.2 maddəsinə əsasən MSK səsvermə günündən ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını, bu məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə yoxlayır və 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiyanın 86-cı maddəsinə görə Milli Məclisə seçkilərin nəticələrinin düzgünlüyünü ümumi qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiqləyir. Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın, habelə dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə sentyabrın 16-da Konstitusiya Məhkəməsinə təqdim edib.

Konstitusiya Məhkəməsinin digər məruzəçi hakimi Kamran Şəfiyev çıxışında işdə olan materialların mahiyyəti və Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi seçki məcəlləsinin 171.3-cü, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinə uyğun olaraq, MSK tərəfindən təqdim edilmiş sənədlərin seçki məcəlləsinə uyğunluğunun yoxlanılması üçün mütəxəssislər cəlb edib, Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki Apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Prokurorluğunun seçki hüquqlarının müdafiəsi, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib.

Bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinə seçkilərlə bağlı 22 ərizə daxil olub. Onlardan 16 iş üzrə iddia təmin edilməyib, 4-ü aidiyyəti üzrə baxılması üçün digər Apellyasiya məhkəmələrinə göndərilib, 2 iş üzrə iddia isə uyğun sayılmayıb.

Sumqayıt Apellyasiya Məhkəməsinin məktubuna əsasən seçkilərlə bağlı 8 ərizə daxil olub. Bundan əlavə, Gəncə Apellyasiya Məhkəməsinə 1, Şirvan Apellyasiya Məhkəməsinə 10, Şəki Apellyasiya Məhkəməsinə 5, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 1, Ali Məhkəməyə isə 11 ərizə daxil olub.

Namizədlərin qeydiyyata alınması, təşviqat və təbliğat zamanı Azərbaycan Respublikası Baş Prokurorluğuna 13 müraciət və məlumat daxil olub. Onlardan 6-sı üzrə cinayət işinin başlanılması rədd edilib, digər müraciətlər isə aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.

Vurğulanıb ki, eyni zamanda, seçkilər günü daxil olan 14 müraciət üzrə cinayət işinin başlanılması rədd edilib. On müraciət isə aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.

Müraciətlər əsasında məhkəmələrdə baxılan işlər seçkilərin ümumi nəticələrinə dair MSK-nın protokoluna heç bir təsir göstərməyib. Bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılıb.

Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə danışıb. MSK sədri deyib ki, 2024-cü il iyunun 28-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər elan olunub və 2024-cü il sentyabrın 1-nə təyin edilib. Həmin gün seçkilər keçirilib. Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan olan MSK dərhal fəaliyyətə başlayıb və təqvim planını təsdiqləyib.

Bildirilib ki, müxtəlif seçki subyektlərinin, media təmsilçilərinin, aşağı seçki komissiyasının üzvlərinin maarifləndirilməsi istiqamətində müxtəlif səpkili tədbirlər keçirilib. Seçkilər elan edildikdən sonra deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başlayıb. Seçki hüququ olan bütün vətəndaşlar üçün lazımi şərait yaradılıb.

MSK sədri əlavə edib ki, bülletenlər vaxtında hazırlanaraq məntəqə seçki komissiyalarına çatdırılıb. Milli Məclisə seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib.

Qeyd edilib ki, Milli Məclisə seçkiləri çoxsaylı müşahidəçilər və beynəlxalq media təmsilçiləri izləyiblər. Respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində səsvermə prosesini internet vasitəsilə canlı izləməyə imkan verən veb-kameralar quraşdırılıb. MSK-ya səsverməyə qədər və sonra daxil olan müraciətlər araşdırılıb, onlarla bağlı müvafiq qərarlar qəbul edilib.

Müxtəlif mənbələrdən - sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər, “qaynar xətt”ə daxil olan məlumatlar araşdırılıb və ümumilikdə 21 seçki dairəsi üzrə 46 məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib.

MSK, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı yol verdikləri nöqsanlara görə 35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib.

Sentyabrın 16-da MSK-nın iclası keçirilib, yekun protokol tərtib edilib və təsdiqlənib. Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb. Səsvermə və seçki prosesləri Seçki Məcəlləsinin tələbinə uyğun keçirilib. Baş verən pozuntularla bağlı MSK tərəfindən müvafiq addımlar atılıb və bu, yekun sənədlərdə əksini tapıb.

Daha sonra Məzahir Pənahov sualları cavablandırıb, Plenumun iclasında iştirak edən ekspert və mütəxəssislərin rəyləri dinlənilib.

Eyni zamanda, iclasda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov ekspert qismində çıxış edib.

Tədbirdə, həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Fərid Əhmədovun çıxışı dinlənilib.

Bildirilib ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş 125 dairə seçki komissiyasının protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam uyğun tərtib edilib. Bu, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrini təsdiqləməyə əsas verir.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

İclasın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclisə seçkilərin nəticələrinə dair yekun qərarı elan edib.

Qərara əsasən, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və 108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə seçkilərin nəticələri təsdiqlənib.

Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.