Ukrayna prezidenti Volodimir Zelenski 2024-cü ildə hərbi ehtiyaclar üçün əlavə 500 milyard qrivna (12 milyard dollardan çox) ayrılması haqqında qanun layihəsini imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə məlumat Ali Radanın saytında yerləşdirilib.
Sentyabrın 18-də Ali Rada Ukraynanın 2024-cü il dövlət büdcəsində müdafiə və təhlükəsizlik sektoruna maliyyə dəstəyi ilə bağlı dəyişiklikləri təsdiqləyib. Beləliklə, 2024-cü il büdcəsində xərclər rekord 3,73 trilyon qrivnaya (təxminən 90 milyard dollar) çatıb.
Bir müddət öncə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin gələn ilin dövlət büdcəsi layihəsini 1,6 trilyon qrivna (38,6 milyard dollar) kəsirlə təsdiqlədiyini bildirmişdi. Büdcə layihəsində gəlirlər 2 trilyon qrivna (təxminən 48 milyard dollar), xərclər isə 3,6 trilyon qrivna (87 milyard dollar) müəyyən edilib. Hökumət başçısının sözlərinə görə, bütün daxili resurslar ölkənin müdafiə və təhlükəsizlik sektoruna yönəldiləcək. O, həmçinin müdafiə xərclərinin azı 2,22 trilyon qrivnaya (53,6 milyard dollar) qədər artacağını qeyd edib.