Masallı şəhəri, M.C.Talışxanov küçəsi, 49 ünvanında fəaliyyət göstərən hüquqi şəxs “Masallı Bazar” ASC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları planlı yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, yoxlama zamanı bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istehlaka yararsız ərzaq məhsullarının zərərsizləşdirilməsi üçün zəruri vasitələrin yoxluğu, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl edilmədiyi, satışı həyata keçirilən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərinin mövcud olmadığı, həmçinin ət satışı köşkündə mövcud olan ətin mərkəzləşmiş kəsim məntəqəsində kəsilmədən, müvafiq baytarlıq ekspertizasından keçmədən kəsilərək satışının həyata keçirildiyi aşkarlanıb.
Eyni zamanda, qida məhsullarının yerdən və ya üstüaçıq formada yığıldığı, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.