Qida təhlükəsizliyi sahəsinin daha da təkmilləşdirilməsini istəyiriksə, ilkin mərhələdə arağın illik istehsal həcminin 20 min yox, 60 min dekalitə olmasını təklif edirik.
YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin aprelin 6-da keçirilən iclasında Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılov “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə AQTA nümayəndəsinin təklifinə cavab olaraq bildirib ki, alkoqollu içkilərin illik istehsalı üçün təklif edilən 60 min dekalitə həcmi çoxdur. Deputat qeyd edib ki, bu təklifin bir əsaslandırılması olmalıdır.
“Qeyd edim ki, qanun layihəsi mütəxəssislər tərəfindən hazırlanıb. Bəzi ölkələr var ki, onların içkiyə olan tələbatı çoxdur. Amma Azərbaycan içkiyə bu qədər tələbatlı deyil. Bizdə keçən il 6396 min ton tütün istehsal olunub. Biz istehsalı artırmaq və onu xaricə bazara çıxarmaq istəyirik. Alkoqol və tütün insan səhhəti üçün ziyanlıdır. Biz yalnız alkoqollu içkilər üçün 60 min dekalitə həcmini xarici bazara çıxarmaqdan ötrü artıra bilərik”, - deyə T.Rzayev vurğulayıb.