logo

Paytaxtda Novruz iməciliyi keçirilib

11:55 09-03-2024 | icon 1372
Paytaxtda Novruz iməciliyi keçirilib

Yaz mövsümünün başlanması və xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən martın 9-da paytaxt Bakıda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi altında ümumşəhər iməciliyi keçirilib.

YeniAvropa Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinə istinadən bildirir ki, BŞİH-nin qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib. İməcilikdə şəhərin kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

Meriyanın çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək, öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda, müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri bu iməcilikdə fəal şəkildə iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz-torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Bakı Şəhər kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.