Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) mobil telefonlardan istifadə ilə bağlı sürücülərə müraciət edib.
NİİM-in mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir.
Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki, belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur.
Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.