logo

2040-cı ilədək çaylarımızda sululuq 25%-dək azalacaq

11:33 28-02-2024 | icon 1260
2040-cı ilədək çaylarımızda sululuq 25%-dək azalacaq

Proqnozlara görə, 2040-cı ilədək ölkəmizin ərazisində çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var.

YeniAvropa xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov fevralın 28-də “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

Komitə sədri qeyd edib ki, 2070-ci ilə qədər həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Belə ki, 2010-cu ildə kənd təsərrüfatında əgər 1 milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm 1 milyon 700 min hektara çatıb. Başqa sözlə desək, əkilən ərazilərin sahəsi ümumilikdə 70 faizdən çox artıb. Digər amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir.

“Prezident İlham Əliyevin göstərişi ilə son illərdə Azərbaycanda nəhəng su layihələri həyata keçirilir. Məsələn, Oğuz-Qəbələ-Bakı su kəmərini xüsusi qeyd etmək istərdim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Bu layihə olmasaydı, Bakı şəhəri ciddi su problemləri ilə üzləşə bilərdi. Taxtakörpü su anbarının tikintisi də həmçinin. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suyu orada yığılır, təbii yollarla təmizlənir və beləliklə, yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir və Bakının su probleminin həll olunmasında xüsusi rol oynayır, - deyə S.Qurbanov vurğulayıb.