logo

Ermənilərin Xocalıda törətdiyi soyqırımından 32 il ötür

09:00 26-02-2024 | icon 1687
Ermənilərin Xocalıda törətdiyi soyqırımından 32 il ötür

Bu gün ermənilərin Xocalıda törətdiyi soyqırımından 32 il ötür.

YeniAvropa xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə alıb. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan ediblər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılıb və yandırılıb, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirilib. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edib.

Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstəriblər. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən insanların göstərdiyi böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk edib. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı olub.

Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb(onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Qeyd edək ki, faciədən ötən hər il olduğu kimi, bu il də Xocalı soyqırımı ilə bağlı bir sıra anım tədbirlərinin keçirilməsi nəzərdə tutulur.