Prezident İlham Əliyev fevralın 5-də "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;
1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".