logo

Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirilib

12:45 27-12-2023 | icon 1141
Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirilib

Daxili İşlər Nazirliyində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında əhalinin təhlükəsizliyinin təminatına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əməliyyat müşavirəsində asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliklə bağlı qarşıda duran vəzifələri və tapşırıqları diqqətə çatdırıb.

Nazir bayram günlərində daxili işlər orqanlarının şəxsi heyətinin gücləndirilmiş rejimdə xidmət edəcəyini, əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsinin, naryad qruplarının fəaliyyətinin fasiləsizliyi, əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılmasının, hərəkətin intensiv olacağı küçə və prospektlərdə, magistral yollarda xidmətin nümunəvi təşkilinin vacibliyini diqqətə çatdırıb.

Əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüququnun təmin olunması məsələləri də müzakirə edilib.

Nazir V.Eyvazov seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı zəruri tədbirlərin görülməsinə dair göstərişlər verib.

Müşavirədə iştirak edən daxili işlər orqanlarının rəhbər heyətindən respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində fəaliyyət nəzarətdə saxlanılmaqla, qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi tələb edilib.