logo

“Baku Steel Company” Tacikistan şirkəti ilə əməkdaşlıq edəcək

19:49 20-05-2024 | icon 1757
“Baku Steel Company” Tacikistan şirkəti ilə əməkdaşlıq edəcək

Bu gün Bakıda Cənubi Qafqazın ən böyük və müasir metallurgiya şirkəti “Baku Steel Company” QSC (BSC) ilə Tacikistanın Sənaye və yeni texnologiyalar nazirliyi yanında “Yeni sənaye texnologiyalarının layihələndirilməsi üzrə Layihə Mərkəzi” dövlət müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq mövzusunda Anlaşma Memorandumu imzalanıb.

YeniAvropa xəbər verir ki, sənədi “Baku Steel Company” QSC-nin baş direktoru Kamal İbrahimov və mərkəzin direktoru Nekruy Zabirzoda imzalayıblar. 

Həmçinin BSC-nin nümayəndələrinin də iştirakı ilə hər iki ölkənin şirkətləri arasında bir sıra B2B görüşlər keçirilib və perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.

Memorandum İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan-Tacikistan biznes forumu  çərçivəsində imzalanıb.

Forumun məqsədi Azərbaycan ilə Tacikistan arasında ikitərəfli iqtisadi və investisiya əməkdaşlığının inkişafı, ticarət-iqtisadi tərəfdaşlığın gücləndirilməsi, işgüzar dairələr arasında əlaqələrin qurulması, əməkdaşlıq və qarşılıqlı investisiyalar üçün yeni istiqamətlərin və imkanların öyrənilməsi, birgə layihələrin həyata keçirilməsi olub.

Biznes forumda açılış nitqini iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan sənaye və yeni texnologiyalar naziri Şerali Kabirov ediblər.