logo

İsrail şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması müqaviləsi imzalanıb

12:32 08-09-2023 | icon 2639
İsrail şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması müqaviləsi imzalanıb

Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-də İsrailin “Mekorot Water Company” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulması ilə bağlı görülən işlər barədə məlumat verərək layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, qurumun rəhbəri prezidentin bu il aprelin 12-də imzaladığı Sərəncamla Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanıldığını və Xəzər dənizinin suyunun emalı sahəsində İsrail şirkətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini deyib.

İsrailin milli su operatoru “Mekorot Water Company” şirkətinin direktorlar şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90 faizinin təmsil etdiyi şirkət tərəfindən təmin etdiyini, istehlakçılara verilən suyun təqribən 60 faizinin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirib. “Mekorot Water Company” şirkəti və onun törəmə müəssisələri hazırda dünyanın bir sıra ölkələri ilə dəniz suyunun duzsuzlaşdırılması, eləcə də suyun idarə edilməsi sahəsində əməkdaşlıq edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC ilə “Mekorot Water Company” şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.

Görüşdə içməli su təchizatı sektorunda gələcək əməkdaşlıq məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.