Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ziyarətçilərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə hava limanının ərazisində yalnız lisenziya ilə xidmət göstərən taksilərdən istifadə etməyi tövsiyə edir. Lisenziyasız taksi xidmətlərindən istifadə qiymətlərin şişirdilməsi, aşağı xidmət keyfiyyəti, hətta dələduzluq və ya oğurluq kimi arzuolunmaz hallara gətirib çıxara bilər.
YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"ın açıqlamasında bildirilib.
Qeyd edilib ki, lisenziya ilə xidmət göstərən taksilər lazımi təhlükəsizlik standartlarına əməl edir. Sürücülər peşəkar xidmət və şəffaf tariflər təqdim edirlər. Bu, səyahət edənlərə büdcələrini planlaşdırmağa və gözlənilməz xərclərdən qaçmağa imkan verir.
"Lisenziya ilə xidmət göstərən taksilər müvafiq tanınma və fərqləndirici nişan ilə seçilir, onları hava limanı terminallarının ətrafındakı nəqliyyat vasitələrində görmək mümkündür.
Xatırladaq ki, Bakı hava limanında maksimum rahatlıq üçün əlavə şərait də yaradılıb:
- Sərnişinlər və ziyarətçilərin gəliş/gediş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi enmə zolağı - “drop off” onların ixtiyarındadır;
- Hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb olunmur, bu isə sərnişinləri qarşılamaq və ya yola salmaq üçün rahatlığı təmin edir.
Qeyd edək ki, hava limanının ərazisində taksi xidməti ilə bağlı şübhə və ya problem yaranarsa, ziyarətçilər dərhal təhlükəsizlik işçilərinə müraciət edə bilərlər",-deyə açıqlamada qeyd edilib.