“Həyat sığorta ilə rahat” devizi ilə keçirilən “Sığorta Festivalı” bu dəfə Zaqatala rayonu sakinlərinin görüşünə gəlib.
YeniAvropa xəbər verir ki, Zaqatala şəhərində, rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil edilən tədbirdə müxtəlif hədiyyəli oyunlar oynanılıb, intellektual yarışlar keçirilib, sürprizli şoular təqdim olunub. Eyni zamanda, festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq, əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Tədbirin gedişində iştirakçılara yerində sığortalanmaq, sığorta şirkətlərinin xidmətləri barədə ətraflı məlumat almaq imkanı yaradılıb.
Festivalda ölkənin aparıcı sığorta şirkətləri iştirak ediblər. Coşqulu və rəngli atmosfer yaradan tədbir zamanı enerji dolu musiqilər insanlara əsl festival ab-havası yaşadıb.
Qeyd edək ki, festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsinin tərkib hissəsidir. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.