logo

Macarıstan Azərbaycandan daha çox qaz almağı planlaşdırır

15:30 31-08-2023 | icon 2093
Macarıstan Azərbaycandan daha çox qaz almağı planlaşdırır

Macarıstan Azərbaycan və Türkiyədən daha çox təbii qaz almağı planlaşdırır ki, bu da Bolqarıstan ərazisindən tranzit daşıma ehtiyacını artıracaq.

YeniAvropa xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bolqarıstan prezidenti Rumen Radev ilə telefon danışığından sonra sosial şəbəkədəki hesabında bildirib.

“Biz son illərdə Macarıstan-Bolqarıstan əlaqələrinin inkişafında mühüm rol oynayan Bolqarıstan Prezidenti Rumen Radevlə telefonla danışdıq. Bolqarıstan təbii qaz tranziti sahəsində həmişə etibarlı tərəfdaş olub. Bu gün enerji sahəsində əməkdaşlığımızın gücləndirilməsi mövzusu da müzakirə olunub: Macarıstan Azərbaycan və Türkiyədən getdikcə daha çox təbii qaz almağı planlaşdırdığı üçün bizim Bolqarıstan vasitəsilə tranzit daşımalara ehtiyacımız artacaq”,-deyə nazir bildirib.

Siyartonun sözlərinə görə, Rumen Radev onu əmin edib ki, Macarıstan bu məsələdə Bolqarıstana arxalana bilər.

Tərəflər razılaşıblar ki, 2024-cü ildə Ukrayna vasitəsilə Rusiya qazının Avropaya nəqlinin dayandırılması ehtimalı Bolqarıstan-Serbiya-Macarıstan nəqliyyat marşrutunun (“Türk axını”nın Bolqarıstan və Serbiya ərazisindən keçən qolu olan “Balkan axını” nəzərdə tutulur - red.) rolunu artıracaq.

Qeyd edək ki, prezident İlham Əliyev bu il aprelin 24-də Bolqarıstanın paytaxtı Sofiyada çıxışı zamanı Azərbaycanın Macarıstan və Slovakiyaya qaz nəqlinə 2023-cü ilin sonunda başlamağı planlaşdırdığını bildirib. 2027-ci ilə qədər Azərbaycandan Aİ-yə qaz tədarükü 20 milyard kubmetrə qədər artmalıdır.

Xatırladaq ki, Macarıstan hökuməti digər ölkələrdən qazın nəqli üçün fəal şəkildə yeni mənbələr və marşrutlar axtarır. 2022-ci ilin oktyabrında rus qazının Macarıstana tədarükünün cənub marşrutu - "Türk axını" boyunca və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolu ilə artırılması barədə razılıq əldə olunub. 2022-ci ildə bu marşrutla ölkəyə 4,8 milyard kubmetr qaz daxil olub.