Abşeron Logistika Mərkəzi ilə Qırğızıstan şirkətləri arasında memorandum imzalanıb
Abşeron Logistika Mərkəzi ilə “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsi, həmçinin “Qırğızıstan Poçt” ASC və “Smart Logistics” arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
YeniAvropa Abşeron Logistika Mərkəzinə istinadla xəbər verir ki, “Qırğızıstan Dəmir Yolu” dövlət müəssisəsi ilə imzalanan memorandumun məqsədi yükdaşımalar sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, dəmir yolu nəqliyyatı ilə yükdaşımalarını təkmilləşdirmək, nəqliyyat və logistika sisteminin irəliyə doğru tərəqqi etməsi üçün plan və strategiyaları hazırlamaqdan ibarətdir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində tranzit və idxal-ixrac yükləri üçün müasir logistik həllərin hazırlanması da nəzərdə tutulub.
Mərkəz ilə “Qırğızıstan Poçt” ASC arasında imzalanan memorandumda beynəlxalq logistika sahəsində istehsal, iqtisadi rəqabətliliyi artırmaq, yeni logistik həllərin təklifi istiqamətində əməkdaşlıq qurmaq, müxtəlif nəqliyyat növləri üzrə daşımaların təkmilləşdirilməsi nəzərdə tutulub.
Abşeron Logistika Mərkəzi ilə “Smart Logistics” MMC arasında logistik xidmətlər sahəsində qarşılıqlı əməkdaşlıq haqqında imzalanan memorandumda isə yüklərin qəbulu, yenidən hesablanması, saxlanılması, emalının təşkili, habelə yüklərin anbar sahəsinə yerləşdirilməsi, daşınma sifarişlərinin formalaşdırılması, çıxışa hazırlanması, müvafiq nəqliyyat və göndərilmə sənədlərinin tərtib edilməsi istiqamətində qarşılıqlı təcrübələrin mübadiləsi əks olunub.
Qeyd olunan memorandumlar Gəncə İş Adamları İctimai Birliyi və Azərbaycan-Qırğızıstan Ticarət Evinin birgə təşkilatçılığı ilə Qırğızıstanda baş tutan işgüzar forum zamanı imzalanıb. Bir çox şirkətlərin iştirak etdiyi tədbirin əsas məqsədi ölkələrarası iqtisadi ticarətin gücləndirilməsi və inkişaf etdirilməsidir.