Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov, şirkətin prezidenti Rövşən Nəcəfovun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.
YeniAvropa xəbər verir ki, Süleyman Qasımov, həmçinin "Petkim"in İdarə Heyətinin sədri, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü olaraq fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Süleyman Qasımov 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb.
Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində edilən dəyişikliyə əsasən, Süleyman Qasımov “Petkim” İdarə Heyətinə rəhbərlik edir. O, bu vəzifədə sabiq SOCAR prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevi əvəz edir.
Süleyman Qasımov iqtisad elmləri doktoru, professordur, 2 elmi əsər, 40-dan çox elmi məqalənin müəllifidir.
Azərbaycan prezidentinin sərəncamı ilə 2006-cı ildə "Tərəqqi" medalı, 2011-ci ildə "Şöhrət" ordeni və II dərəcəli “Əmək ordeni” ilə təltif edilib.