Azərbaycan komandası Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak etmək üçün bu gün Krakova yola düşür.
YeniAvropa xəbər verir ki, Azərbaycan komandasının səfəri ilə əlaqədar Gənclər və İdman Nazirliyinin inzibati binasında tədbir təşkil olunub. Tədbirdə federasiya rəhbərləri, III Avropa Oyunlarında iştirak edəcək idmançılar, idman ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Azərbaycan Oyunlarda idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda 86 idmançı ilə təmsil olunacaq. Bu Oyunlarda ümumilikdə 48 ölkədən 7 minədək idmançı iştirak edəcək.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.