Bu gün UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.
YeniAvropa xəbər verir ki, İspaniya klubu “Sevilya” ilə İtaliya təmsilçisi “Roma” arasında final oyunu keçiriləcək.
Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki 67 000 tamaşaçı tutumuna malik “Puşkaş Arena”da baş tutacaq. Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq.
Turnirin rekordçusu olan ispanlar indiyə qədər keçirdikləri 6 həlledici matçın hamısında qalib gəlməyi bacarıblar. İtaliya komandası isə yalnız 1991-ci ildə finala çıxıb və həlledici dueldə ölkənin digər iştirakçısı “İnter”ə məğlub olub. Yəni, “canavarlar” tarixində ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.
Hər iki komanda daxili birincilikdə ilk “dördlüy”ə düşə bilmədiyindən, Avropa Liqasını qazanmaq onlar üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki qalib gələcək komanda növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququna yiyələnəcək. Belədə həmin klubun təmsil etdiyi ölkənin 5 komandası 2023/2024 mövsümündə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq.
UEFA Avropa Liqası
31 may
23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”