Beynəlxalq Şahmat Federasiyasının(FIDE) prezidenti Arkadi Dvorkoviç bu gün Azərbaycana gəlir.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından bildirilib.
Qeyd edilib ki, FIDE prezidentinin səfərində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” beynəlxalq şahmat festivalının açılış mərasimində iştirak etməkdir.
Arkadi Dvorkoviç səfər zamanı bir sıra görüşlər də keçirəcək.
Qeyd edək ki, bu gün “Baku Open 2023” beynəlxalq şahmat festivalı start götürür. Yarışa Azərbaycan yığmasının 15 -dən çox üzvü qatılıb. Festivalda şahmatçılar üç qrupda (A, B və C) mübarizə aparacaqlar. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Ümumilikdə festivalda iştirakla bağlı 23 ölkədən 607 şahmatçı qeydiyyatdan keçib. Onların sırasında 44 beynəlxalq qrossmeyster, 44 beynəlxalq usta və 41 FIDE ustası var. Yarışın reytinq favoriti Hans Nimandır. ABŞ təmsilçisi 2708 FIDE reytinqinə sahibdir.
Yarışın ümumi mükafat fondu 55 min dollar təşkil edir. A qrupunun qalibi 12 min dolları və xüsusi hazırlanan kuboku qazanacaq. Festivalın C turnirində hər yaş qrupunda (U-8, U-10, U-12) qalib olacaq şahmatçılar Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam ediləcəklər.