Mayın 1-də Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı start götürəcək. On dörd gün davam edəcək mundialda Azərbaycan milli komandası tam heyətlə mübarizə aparacaq.
YeniAvropa Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.
Aprelin 28-də Daşkənddə yollanacaq komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Yığma mayın 15-də Bakıya qayıdacaq.
Qeyd edək ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışın püşkü aprelin 30-da atılacaq. Mundialda 100-dən çox ölkədən 700-dək boksçusunun iştirakı gözlənilir. Dünya çempionu tituluna yiyələnəcək boksçular 200 min dollar əldə edəcəklər. İkinci yerin sahiblərinə 100 min, bürünc medal qazananlara isə 50 min dollar pul mükafatı veriləcək.