Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib.
YeniAvropa xəbər verir ki, çempionatda 92 kiloqram çəki dərəcəsində çıxış edən O.Nurmaqomedov dörddəbir finalda Filip Finesilverə (İsrail) qalib gəlib. Güləşçimizin növbəti mərhələdə rəqibi slovakiyalı Ermak Kardanov olacaq.
Təmsilçimiz İntiqam Vəlizadə (61 kq) təsnifatda Taras Markoviçə (Ukrayna) uduzub. Rəqibi növbəti görüşdə məğlub olduğu üçün İ.Vəlizadə medal şansını itirib. Cəbrayıl Qadjiyev (74 kq) Simon Markla (Avstriya) qalib gəlib. Növbəti görüşdə italiyalı Frank Çamiso ilə bacarmayıb. Abubakr Abakarov (86 kq) Dauren Kuruqliyevə (Yunanıstan) yenilib. Georgi Meşvildişvili (125 kq) isə almaniyalı Gennadi Kudinoviç güclü olsa da, Taha Akgülün (Türkiyə) müqavimətini qıra bilməyib.
C.Qadjiyev, A.Abakarov və G.Meşvildişvilinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici qarşılaşmalara qatılacaqlar.