Azərbaycanda təbii qaz ixracının artım tempi ildə 9,1 faiz təşkil edəcək. 2040-cı ilədək ölkənin qaz ixracı illik 48 milyard kubmetrə çatacaq. YeniAvropa xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – “GECF”) “Global Gas Outlook” adlı hesabatında deyilir.
Bildirilir ki, 2040-cı ilədək Azərbaycanda təbii qazın istehsal gücü 5,5 faiz artacaq.
“Qlobal təbii qaz hasilatının yarıdan bir qədər az hissəsi – 49,3 faizi hazırda MDB ölkələri və Şimali Amerikada, konkret olaraq ABŞ və Rusiyada, eləcə də kiçik həcmdə Kanada, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Azərbaycanda reallaşır”,- deyə hesabatda qeyd edilir.
GECF-in analitiklərinin fikrincə, ortamüddətli perspektivdə, təxminən dörd il ərzində MDB, Avropa və Asiyada bəzi əhəmiyyətli boru kəməri layihələri fəaliyyət göstərəcək: “Cənub Qaz Dəhlizi” - (Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (SCPx), TANAP və TAP), “Nord Stream 2”, Dördüncü xətt Asiya-Çin qaz kəməri D, “Türk axını” (“Turkish Stream”), və “Sibirin gücü” (“Power of Siberia”).
Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var.