Azərbaycanın “Global Energy Solutions” şirkəti Qazaxıstan bazarında fəaliyyətə başlayıb
Azərbaycanda fəaliyyət göstərən, neft-qaz, enerji, su, kimya sənayelərinə kompleks texniki xidmətlər sahəsində aparıcı təchizatçılardan biri “Global Energy Solutions” (“Glensol”) şirkəti bu ay Qazaxıstana öz biznesini genişləndirərək ölkənin neft-qaz sənayesinin mərkəzi olan Aktau şəhərində yeni ofis və xidmət mərkəzini açıb.
Şirkətdən YeniAvropa-ya bildirilib ki, yeni xidmət mərkəzi ofis və anbar daxil olmaqla ümumilikdə 2000 kvadratmetr sahəni əhatə edir. Aktaudakı müəssisə şirkətə bölgədəki müştərilərə yüksək səviyyədə texniki xidmətlər göstərməyə və Qazaxıstanın neft-qaz bazarında fəaliyyətini genişlənməyə imkan verəcək.
“Aktauda yeni ofis və xidmət mərkəzinin açılışı inkişafımızın yeni bir mərhələsi olaraq “Glensol” şirkətinin yerli və beynəlxalq səviyyədə artan imkanlarını və təcrübəsini nümayiş etdirir. Aktau şəhərinin strateji mövqeyindən faydalanaraq Qazaxıstanda fəaliyyətimizin genişlənməsini gözləyirik”, - deyə şirkətin baş direktoru Tamerlan Əliyev bildirib.
2012-ci ildə “Nobel Oil Services” şirkətinin törəməsi kimi yaradılan “Glensol” neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. “Glensol” avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.