Təxminən bir ay öncə Rusiya tərəfindən ilhaq edilən “Donetsk Xalq Respublikası”nda 18 yaşlı məktəbli genişmiqyaslı müharibənin başlanğıcında səfərbər edilib.
YeniAvropa xəbər verir ki, bu barədə gəncin anası Natalya Qladkix “Dojd TV”yə danışıb.
N.Qladkixin sözlərinə görə, oğlu Nikita fevralın 25-də səfərbər olunub. Hüquq-mühafizə orqanlarının nümayəndələri onların yanına gəliblər və cinayət məsuliyyəti təhdidi ilə Nikitadan “gənc döyüşçü kursunu keçmək” üçün çağırış məntəqəsinə gəlməsini tələb ediblər. O, çağırış məntəqəsindən Krıma aparılıb. İndi Nikita Xerson vilayətindədir.
Natalya Qladkix bildirib ki, Nikita məktəbi bitirməsi haqqında diplomu xidmət zamanı alıb. Nikita qalan müddətdə guya distant təhsil alıb.
N.Qladkix hərbi komissarlığa, prokurorluğa və qondarma DXR-in “Təhsil Nazirliyi”nə müraciət etsə də, ona rəsmi cavab verməyiblər. Prokurorluq cinayət işinin başlandığını bildirib, lakin oğlunun “DXR”dən kənarda olduğunu əsas gətirərək onu zərərçəkmiş kimi tanımaqdan imtina edib. Eyni zamanda gəncin cəbhəni tərk etməsinə icazə verilmir.