logo

Ərdoğan Ermənistanla əlaqələrdə şərtini açıqlayıb

12:12 10-11-2022 | icon 2037
Ərdoğan Ermənistanla əlaqələrdə şərtini açıqlayıb

Ermənistan tərəfi ilə sonuncu dəfə Praqada görüşdük. Bunu özlərinə də açıq şəkildə söylədik: “Əgər Azərbaycanla əlaqələri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla əlaqələrimiz müsbət istiqamətdə gedəcək. Biz sizdən bunu gözləyirik. İstər dar çərçivədə, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bunu özlərinə açıq və qəti şəkildə söylədik.

 YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradan Səmərqəndə yola düşərkən Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransında söyləyib.

Ermənistanla normallaşma prosesinin vəziyyətinə dair sualı cavablandıran dövlət başçısı deyib ki, həm Fransada, həm də ABŞ-da diaspor (erməni diasporu) davamlı olaraq bu prosesin əleyhinə fəaliyyət göstərir. Bu işlər də prosesə mənfi təsir göstərir. Diasporun bu mənfi fəaliyyətini müsbətə doğru kim yönəldə bilər? Şübhəsiz ki, Ermənistan rəhbərliyi. Bunu bacaracaqları təqdirdə, bizim də baxışlarımız müsbətə doğru dəyişər. Biz bu məsələdə düşmən yaratmağa deyil, dost qazanmağa çalışırıq.

Prezident Rəcəb Tayyib Ərdoğan ümid etdiyini bildirib ki, Ermənistan rəhbərliyi buna nail olarsa, eyni zamanda, həm Laçın, həm də Zəngəzurla bağlı Azərbaycanla birgə addımlar atarsa, bu, Türkiyənin atacağı addımlara müsbət təsir göstərəcək.