logo

Co Bayden: ABŞ tezliklə “İranı azad edəcək”

12:52 04-11-2022 | icon 2681
Co Bayden: ABŞ tezliklə “İranı azad edəcək”

Prezident Co Bayden ABŞ-ın tezliklə “İranı azad edəcəyini” deyib və əlavə edib ki, bu ölkənin sakinləri “özlərini azad edəcək”.

YeniAvropa xəbər verir ki, Birləşmiş Ştatların lideri bu fikri cümə axşamı Kaliforniyada Demokratlar partiyasının yerli namizədinə dəstək üçün keçirilən seçki kampaniyasında çıxışı zamanı səsləndirib. Co Baydenin çıxışı C-Span telekanalı tərəfindən canlı yayımlanıb.

ABŞ prezidenti amerikalı veteranlara göstərilən səhiyyə xidməti ilə bağlı vəziyyətdən danışarkən gözlənilmədən zaldakı qonaqlardan birinin İran mövzusuna toxunmaq çağırışına cavab verib. “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özlərini tezliklə azad edəcəklər”, - deyə Cozef Bayden bildirib. Bu sözlər zalda əyləşən insanların alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, sentyabrın 16-da İranda Məhsa Əmininin ölümündən sonra başlayan iğtişaşlar səngimək bilmir. Rəsmi versiyaya görə, geyim qaydasını pozduğuna görə polis tərəfindən saxlanılan 22 yaşlı gənc qız dindirilmə zamanı ürək tutmasından vəfat edib. Lakin sosial şəbəkələrdə onun polis tərəfindən döyülərək öldürülməsi ilə bağlı məlumatlar yayıldıqdan sonra ölkədə kütləvi nümayişlər başlayıb. İğtişaşlar nəticəsində çox sayda insanın öldürüldüyü bildirilir.

Hadisələr fonunda ABŞ və Avropa İttifaqı İranda etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Tehran isə öz növbəsində Vaşinqton və Brüsselin sanksiyalardan İranda sosial gərginliyi artırmaq üçün alət kimi istifadə etdiyini deyib.