On yeddi ölkənin başçısı "Böyük İyirmilik" (G20) ölkələrinin liderlərinin noyabrın 15-16-da Bali adasında keçiriləcək sammitinə qatılacağını təsdiq edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Teuku Fayzaşah noyabrın 3-də keçirilən mətbuat brifinqində məlumat verib. Bildirilir ki, daha üç ölkənin lideri hələlik öz iştirakını təsdiq etməyib.
Təhlükəsizlik məqsədilə rəsmi Cakarta iştirakını təsdiq etmiş və ya hələ təsdiq etməmiş ölkələrin adını bildirməyib. XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, İndoneziya prezidenti Coko Vidodo məsələ ilə bağlı sammitin açılışı ərəfəsində bəyanatla çıxış edə bilər.
Xatırladaq ki, "G20" liderlərinin sayca 17-ci olacaq sammiti 2022-ci ilin noyabrın 15-16-da Bali adasında keçiriləcək. Sammitin il ərzində İndoneziyanın "G20"yə sədrliyi dövründə nazirlər, işçi və qarşılıqlı fəaliyyətlə bağlı qruplar səviyyəsində keçirilmiş görüşlərin zirvə nöqtəsi olacağı gözlənilir.