Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il yanvarın əvvəlində baş verən iğtişaşlarda iştiraka görə məhkum olunmuş təxminən 1,5 min nəfərin amnistiyası barədə qanun imzalayıb.
YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, qanun dərc olunmaq üçün hazırlanır.
Sənəd xırda və orta ağırlıqlı cinayətlər törətmiş şəxslərin cəzalarının qalan hissəsindən azad edilməsini nəzərdə tutur. Belə cinayətlərə görə cəzasını çəkənlərin üzərindən məhkumluq götürüləcək. Ağır və xüsusilə ağır cinayətlərdə ittiham edilən şəxslərin cəza müddəti isə müvafiq olaraq dörddə üç hissəyədək və yarıya qədər azaldılacaq. Terrorçular, ekstremistlər, residivistlər, iğtişaşların təşkilatçıları, işgəncə halları törədənlər amnistiya olunmayacaq.
Xatırladaq ki, yanvarın əvvəlində Qazaxıstanda başlayan dinc etiraz aksiyaları sonradan kütləvi iğtişaşlara çevrilib. Bir sıra regionlarda inzibati binalara, polis şöbələrinə, mağazalara hücumlar edilib. Aksiya iştirakçıları və güc strukturları arasında toqquşmalar baş verib. Rəsmi məlumata görə, yanvar iğtişaşları nəticəsində 238 nəfər, o cümlədən hüquq mühafizə orqanlarının 19 əməkdaşı həlak olub.