Noyabrın 6-da Gənclər və İdman Nazirliyi müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.
YeniAvropa xəbər verir ki, “Qürurla irəli” şüarı ilə keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı, xeyriyyə məqsədilə 20 manat iştirak haqqı ödəməlidir. Toplanan vəsait şəhid ailələrinə xeyriyyə məqsədilə sərf ediləcək.
“Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcək. Qaçış 3 müxtəlif (3, 5 və 10 km) məsafəni əhatə edəcək və iştirakçılar həmin 3 məsafədən hər hansı birində finiş xəttinə çıxa bilərlər.
Qaçış çərçivəsində urban (şəhər) idmanı ustad dərsləri və maraqlı tədbirlər də təşkil ediləcək.
Qaçışda iştirak etmək istəyən 17 yaşdan yuxarı hər kəs https://marathon.smartscoring.com linki vasitəsilə noyabrın 4-ü saat 12.00-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat başa çatdıqdan sonra müraciəti qəbul edilmiş iştirakçıların e-maillərinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək.