İranın Xarici İşlər Nazirliyi(XİN) bəyanatla çıxış edərək Avropa İttifaqının bir sıra şəxsləri və qurumlarının terrorçuluğa dəstək verdikləri üçün sanksiya tətbiq etdiyini açıqlayıb.
YeniAvropa İran XİN-in bəyanatına istinadla xəbər verir ki, sanksiyaya Avropa Parlamentinin “Azad İranın dostları” qrupunun (fraksiyasının) üzvləri, Beynəlxalq Ədalət Komitəsinin üzvləri, İrqçiliyə və Antisemitizmə qarşı Fransa Beynəlxalq Liqası, Almaniyanın “Deutsche Welle” və Fransanın “RFI” media qrupları məruz qalıblar. Bunlarla yanaşı, Almaniya, Fransa və Avropa parlamentlərinin 15 üzvünə də sanksiyalar tətbiq olunub.
İranın sanksiyalarına əsasən həmin təşkilatların rəhbərləri və üzvləri, eləcə də qanunverici orqanlarda təmsil olunanların İran ərazisinə girişi qadağan edilib və onların İran banklarındakı maliyyə vəsaitləri dondurulub.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu təşkilatlar və onların üzvlərinin İranda heç bir maliyyə mənbələri yoxdur və bu ölkəyə səfər etmirlər. Bu baxımdan İranın sanksiyalarının hansı təsirə malik olacağını zaman göstərəcək.