logo

Almaniya prezidenti qəflətən Kiyevə səfər edib

11:11 25-10-2022 | icon 1841
Almaniya prezidenti qəflətən Kiyevə səfər edib

Almaniya prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 25-də səhər saatlarında Kiyevə elan olunmamış səfər edib.

 YeniAvropa yerli "DPA" agentliyinə istinadla xəbər verir ki, bu, fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan bəri Almaniya dövlət başçısının bu ölkəyə ilk səfəridir. Frank-Valter Ştaynmayer Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşəcək. O, eyni zamanda Ukraynadakı dağıntıları öz gözləri ilə görmək istəyir.

Rusiyanın Ukraynaya hərbi təcavüzü dövründə Almaniya prezidentinin Kiyevə planlaşdırılan iki səfəri müxtəlif səbəblərdən baş tutmayıb. Onun ötən həftə Ukrayna paytaxtına planlaşdırılan səfəri təhlükəsizlik səbəbindən ləğv edilmişdi.

Aprel ayının ortalarında “Bild” qəzeti Volodimir Zelenskinin Kiyevə səfər etmək istəyən almaniyalı həmkarı ilə görüşdən imtina etdiyi barədə məlumat yaymışdı. Ukrayna hakimiyyəti hesab edirdi ki, Almaniyanın dövlət başçısı keçmişdə Rusiyaya münasibətdə çox yumşaq davranıb.

Welt telekanalının məlumatına görə, iyunun 30-da Almaniya prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı həmkarını Kiyevə dəstəyi davam etdirəcəyinə inandıra bilib. Söhbət əsnasında Volodimir Zelenski Almaniya prezidentini və kansler Olaf Şoltsu Kiyevə səfərə dəvət edib.