Bakıda "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın Tərəflər Konfransı keçirilib
Oktyabrın 19-dan 21-dək Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın 6-cı Tərəflər Konfransı keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, konfransda Xəzəryanı ölkələrin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın dövlət qurumlarının, həmçinin BMT-nin Ətraf Mühit Proqramının yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 6-cı Tərəflər Konfransı Xəzəryanı dövlətlərin əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verib və bu əməkdaşlığın davam etdirilməsi üçün bir sıra vacib məsələlər, o cümlədən Konvensiya və onun protokolları çərçivəsində fəaliyyət istiqamətləri üzrə ümumi razılaşmalar əldə edilib.
Tədbir iştirakçıları tərəfindən dənizin ətraf mühitinin mühafizəsi və onun təbii ehtiyatlarından səmərəli istifadənin Xəzəryanı ölkələr üçün prioritet məsələ olduğu və bu sahədə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verildiyi bildirilib.
Azərbaycan tərəfi öz növbəsində Xəzər dənizinin ekoloji problemlərinin, o cümlədən dəniz səviyyəsinin enməsi ilə bağlı məsələlərin daha dərindən öyrənilməsi üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qrupunun yaradılmasını təklif edib.