Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Mühafizəkarlar partiyasının və müvafiq olaraq növbəti hökumətin rəhbəri postu uğrunda keçiriləcək seçkilərində iştirak etməyə hazırdır.
YeniAvropa "Sky News" telekanalına istinadla xəbər verir ki, mühafizəkar deputat Ceyms Daddricin məlumatına görə, Boris Conson liderlik uğrunda mübarizədə iştirak etməyi planlaşdırır. Sabiq baş nazir namizədliyini təmin etmək məqsədilə Karib dənizindəki tətilini yarımçıq qoyaraq vətəninə qayıdır.
Boris Conson seçkidə iştirak hüququ qazanmaq üçün bazar ertəsi günü yerli vaxtla saat 14:00-dək Mühafizəkarlar partiyasının 100 deputatının səsini qazanmalıdır. Hazırda 43 mühafizəkar onu açıq şəkildə dəstəkləyir. Onun mümkün rəqibləri - Birləşmiş Krallığın sabiq maliyyə naziri Rişi Sunak 74 səs, seçkilərdə iştirak planlarını rəsmən elan edən yeganə şəxs - İcmalar Palatasının lideri Penni Mordont isə 18 səs toplayıb.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Elizabet Trass noyabrın 20-də istefa verdiyini elan edib. O, hökumətə 45 gün rəhbərlik edib ki, bu da Birləşmiş Krallıq tarixində ən qısa müddətdir.