logo

Turizm sahəsində Azərbaycan-Qətər əməkdaşlığı müzakirə olunub

17:11 21-10-2022 | icon 2170
Turizm sahəsində Azərbaycan-Qətər əməkdaşlığı müzakirə olunub

Azərbaycanla Qətər Dövləti arasında turizm əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri oktyabrın 21-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al-Hənzab arasında keçirilən görüşdə müzakirə olunub.

Dövlət Turizm Agentliyindən YeniAvropa-ya bildirilib ki, görüşdə Qətərin Azərbaycan turizmi üçün əsas hədəf bazarlardan biri olduğunu deyən Fuad Nağıyev iki ölkə arasında viza rejiminin ləğv olunmasından sonra qarşılıqlı əməkdaşlıq üçün imkanların artmasını bildirib.

Fuad Nağıyev gəlmə turizmində Azərbaycan üçün Körfəz ölkələri arasında Qətərin xüsusi əhəmiyyət kəsb etdiyini, agentliyin bu istiqamətdən turist axınının intensivləşdirilməsində maraqlı olduğunu və ötən il ölkəmizin Dohada ilk dəfə keçirilən “Qatar Travel Mart” sərgisində iştirak etdiyini qeyd edib.

Agentlik sədri növbəti ay Futbol üzrə Dünya Çempionatının keçiriləcəyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını vurğulayaraq Azərbaycanın yarışlarla əlaqədar olaraq turist axınının tənzimlənməsi istiqamətində köməklik göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al-Hənzab ölkələrimiz arasında olan qarşılıqlı dost münasibətlərinin qətərli turistlərin Azərbaycana səfər etməsinə töhfə verdiyini, bununla yanaşı birbaşa uçuşların və vizasız rejimin olması, təhlükəsizlik, həmçinin insanların qonaqpərvərliyinin Azərbaycanın turizm destinasiyası kimi seçilməsində mühüm amillər olduğunu bildirib. O, Azərbaycanın beynəlxalq yarışlar keçirməsi üzrə təcrübəsini vurğulayaraq bu kimi tədbirlərin turizmin inkişafına verdiyi töhfəni qeyd edib.

Qətərdən olan ziyarətçilərin, xüsusilə, qış turizminə maraqlı olduğunu, ölkəmizin bu sahədə potensialı və mövcud qış turizm mərkəzlərindəki xidmətlərin qətərli turistləri cəlb etdiyini qeyd edən səfir ölkəsinin Azərbaycanla turizm sahəsində əlaqələrə önəm verdiyini diqqətə çatdırıb.

Görüşdə hazırda gündəlik olaraq həyata keçirilən Doha-Bakı uçuşlarının sayının artırılması, turizm sahəsinə investisiya qoyuluşunun təşviq edilməsi, onlayn marketinq kampaniyalarının intensivləşdirilməsi, gələcək əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb.