Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 19-na olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olub.
Xidmətdən YeniAvropa-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Qəbələdə 41, Oğuzda 40, Şəkidə 36, Zaqatalada 23, İsmayıllıda 21, Qaxda 17, Balakəndə 15, Astarada 14, Quba, Qusar, Mingəçevirdə 8, Şahdağ, Yardımlı, Yevlax, Kürdəmir, Lerik, Şamaxı, Altıağac, Xaltan, Qrız, Şabran, Göygöl, Qobustan, Tərtər, Gəncə, Naxçıvan, Ağdərə, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Cəfərxan, Biləsuvar, Lənkəran, Göytəpədə 6 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Bakıda 6, Sumqayıtda 2, Maştağa, Binədə 1 millimetrədək olub.
Şahdağa, Oğuz, Qəbələ, Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.
Oktyabrın 18-i saat 14:00-da leysan yağış nəticəsində Əyriçay Baş Daşağıl (Oğuz) məntəqəsindən sel keçib.
Şimal-qərb küləyi əsib, sürəti Neftçalada 20, Şirvanda 18 metr olub, Bakıda və Abşeron yarımadasında 18-20 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.3 metrə çatıb.
Oktyabrın 20-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək.