“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 7,9 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 360 gəmi Ukrayna limanlarını tərk edib.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində oktyabrın 19-da Ukraynanın ərzaq məhsulları ilə dolu daha 6 gəmi Odessa limanlarını tərk edib.
Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 86,7 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa ölkələrinə yola salınıb.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.