Ötən doqquz ay ərzində paytaxt ərazisində 220 piyadavurma hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 102 nəfər ölüb, 136 nəfər isə xəsarət alıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, bu il yanvarın 1-dən oktyabrın 1-dək paytaxt ərazisində qeydə alınan ümumi qəzalardan üçü motosiklet nəqliyyat vasitəsi ilə baş verib. Bu hadisələr nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.
“Moped nəqliyyat vasitəsi ilə 10 hadisə qeydə alınıb, 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Velosipedlərlə 4 hadisə baş verib, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. On altı yaşadək yeniyetmələr arasında 23 hadisə olub, 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Yük avtomobillərinin iştirakı ilə qeydə alınan 11 hadisə zamanı 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb. İctimai nəqliyyatda 8 hadisə baş verib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb”, - deyə A.Əsgərli əlavə edib.