Ukraynada ədalətli sülh diplomatiya yolu ilə bərqərar ola bilər və Türkiyənin bu istiqamətdə səyləri bütün dünya tərəfindən tanınıb.
YeniAvropa Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Astanada keçirilən zirvə toplantısında səsləndirib.
Onun sözlərinə görə, Türkiyənin məqsədi Ukraynada axan qanı tez bir zamanda dayandırmaqdır. “Ədalətli sülhə diplomatiya yolu ilə nail olmaq mümkündür və münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində bizim intensiv səylərimiz bütün dünya tərəfindən tanınıb. Ötən ay əsirlərin mübadiləsi bu istiqamətdə konkret nailiyyətimizdir”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti, həmçinin qlobal təhlükəsizlik arxitekturasının daha ədalətli tənzimləmə əsasında qurulmalı olduğunu vurğulayıb.
“Bəşəriyyət güc balansının dəyişdiyi və təchizat zəncirlərinin qırıldığı bir dövrü yaşayır. Hazırda iqtisadiyyatdan ərzaq təhlükəsizliyinə, enerjidən beynəlxalq əlaqələrə qədər bir çox sahədə ciddi problemlərlə üzləşirik. Türkiyə uzun müddətdir ki, dünyanın beşdən böyük olduğunu deyir və biz qlobal təhlükəsizlik arxitekturasının daha ədalətli bir anlayış əsasında formalaşmasının vacibliyinə inanırıq”, - deyə Türkiyə prezidenti əlavə edib.