Bakıda Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib
Sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib.
YeniAvropa xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azərbaycanda beyin mərkəzləri və onların qarşısında duran məsələlər” mövzusunda birinci panel iclasında çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev bildirib ki, gündəlikdə duran vacib məsələlərdən biri də Azərbaycanda beyin mərkəzlərinin fəaliyyətinin necə təşkil olunması ilə bağlıdır. Bu sahədə yeni texnologiyalar, yeni trendlər nədir? Bununla bağlı təcrübələrini bölüşmək üçün xarici beyin mərkəzlərinin nümayəndələri də foruma dəvət olunublar. Beyin mərkəzlərinin əsas işlərindən biri də proqnoz verməklə bağlıdır. Bu istiqamətdə bəzi problemlər mövcuddur. Dövlət qurumları ilə də təmaslar çox vacibdir. Proqnoz vermək gələcəkdə olan təhdidləri təhlil etmək baxımından son dərəcə vacibdir. Azərbaycanın ətrafında çox mürəkkəb geosiyasi vəziyyəti müşahidə edirik. Təbii ki, gündəlikdə bu məsələlərlə bağlı müvafiq proqnoz vermək və araşdırma aparmaq mövzusu da yer alıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova qeyd edib ki, düz iki il əvvəl - 2020-ci ilin eyni günlərində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası yürüşünə başlayıb və Zəfər bayrağını Şuşaya sancıb. Bu, tarixə Vətən müharibəsi kimi düşüb. Şanlı 44 gün dövlət, ordu və xalq birliyinin, milli ruhun təntənəsidir.
Səadət Yusifova diqqətə çatdırıb ki, xalqımız misilsiz Zəfərə imza ataraq, 30 il tapdalanan ədaləti, beynəlxalq hüququ və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Torpaqlarımızı 30 illik işğaldan canı, qanı bahasına azad edən, Zəfər sevincini bizə yaşadan şəhidlərimizin əziz xatirəsini qürurla yad edirik.
Bildirilib ki, müasir dünyamızda beynəlxalq münasibətlər mürəkkəbləşməkdə davam edir və getdikcə daha çox gözlənilməz, proqnozlaşdırıla bilməyən xarakter alır. COVID-19 pandemiyası, Ukraynada müharibə, regional münaqişələrin yenidən alovlanması, qlobal siyasi-iqtisadi böhranın doğurduğu sosial narazılıq dalğası, iqlim dəyişməsi, təbii və texniki kataklizmlər kimi qlobal çağırışlara cavab verilməsi zərurəti dövlətlərin, beynəlxalq təşkilatların, beynəlxalq ictimaiyyətin və beyin mərkəzlərinin birgə səylərini şərtləndirir. Beyin mərkəzləri akademik dairələrlə hakimiyyət, hökumətlə vətəndaş cəmiyyəti arasında vasitəçi rolunu oynayır. Bu, dövlət orqanları ilə elmin sıx əməkdaşlığına, dövlət siyasətinə töhfə verməyə, qlobal proseslərə strateji baxış formalaşdırmağa imkan yaradır, daha səmərəli, düşünülmüş siyasət yürütməyə, milli maraqların təmin edilməsi ilə bağlı elmi əsaslandırılmış qərarların qəbul olunmasına yardım edir. Həmçinin qloballaşma və müasir texnologiyaların sürətli inkişafı nəticəsində dünyanın “kiçilməsi”, informasiyaya dövlət inhisarının aradan qalxması yeni qeyri-dövlət aktorlarının, o cümlədən də beyin mərkəzlərinin rolunu əhəmiyyətli dərəcədə artırır. Beyin mərkəzləri dövlətin “gələcəyin idarə edilməsi” strategiyasının tərkib hissəsi olmaqla, həm də dövlət idarəçilik sisteminin aparıcı komponentinə çevrilir.
Prezident Administrasiyasının rəsmisi deyib ki, hazırda beynəlxalq münasibətlər sistemində mövcud formulların dəyişdiyini görürük. Son illərə qədər beynəlxalq münasibətlərin, demək olar bütün aktorları öz xarici və daxili siyasətlərini çoxdəyişənli formullar əsasında qurur, bu dəyişənlər arasında balans qurmağa qismən də olsa, nail olurdular. Hazırda beyin mərkəzlərinin üzləşdiyi çətinliklərdən biri də onların ənənəvi mövzulara və problemlərə deyil, konkret ölkələrə fokuslanmasıdır. Bu yanaşma ayrı-ayrı ölkələr üzrə dar ixtisaslaşma yaratsa da, müasir dünyadakı transsərhəd xarakterli məsələləri bütövlükdə, daha geniş miqyasda qiymətləndirmək üçün kifayət deyil, qlobal prosesləri dərk etmək imkanlarını məhdudlaşdırır.
İnformasiya texnologiyalarının və sosial medianın inkişafının məlumatların mübadiləsi prosesini sürətləndirdiyini vurğulayan S.Yusifova deyib ki, bu sahədə yeni aktorlar formalaşıb (blogerlər, influenserlər və s.). İnformasiya texnologiyalarının inkişafı məlumat bolluğu yaradaraq məlumatın toplanmasını daha da sadələşdirib. Lakin bununla bərabər, dezinformasiyanın və feyk xəbərlərin yayılması da kəskin artıb.
“Köhnə oyun qaydalarının işləməməsi, yenilərinin isə hələ formalaşmaması hazırkı qlobal təlatümləri daha da həssas edir. Biz yeni çoxqütblü dünya düzəninin, təhlükəsizlik sisteminin formalaşmasının başlanğıcındayıq. Ukrayna müharibəsi fonunda artıq dünya liderləri açıq şəkildə BMT sisteminin islahatlarından danışmağa başlayıb, lakin onu hələlik yalnız Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasında görürlər. Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə BMT-də islahatların zəruriliyinə toxunub, Təhlükəsizlik Şurasının qərarlarının icrasında ikili standartların aradan qaldırılmasına çağırıb”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.
Səadət Yusifova bildirib ki, son bir neçə ili Azərbaycanda beyin mərkəzlərinin bumu adlandırmaq olar. Bu da sözsüz ki, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı müstəqil ekspertizaya, obyektiv qiymətləndirməyə, proqnozlaşdırmaya və müvafiq həllərin təklif edilməsinə tələbatın artmasından irəli gəlir. Qeyd olunub ki, ABŞ-ın Pensilvaniya Universitetinin “Global go to think tank” 2020-ci il hesabatına görə, dünyada 11 min 175 beyin mərkəzi fəaliyyət göstərir. Onlardan 20-si Azərbaycandadır. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə “Global go to think tank”in ilk hesabatında Azərbaycanda 13 beyin mərkəzinin fəaliyyət göstərdiyi qeyd olunurdu. Bu rəqəmlər özlüyündə beyin mərkəzlərinin Azərbaycanda inkişafını göstərir. Lakin Azərbaycanda fəaliyyət göstərən heç də bütün beyin mərkəzləri bu qiymətləndirmə sisteminə daxil olmadığından rəqəmin daha böyük olduğunu deməyə əsas verir.
Diqqətə çatdırılıb ki, son illər Azərbaycanda beyin mərkəzi kimi fəaliyyət göstərmək istəyən qeyri-hökumət təşkilatlarının sayı da artmaqdadır. Hazırda QHT statusunda fəaliyyət göstərən beyin mərkəzlərinin sayı 30-a yaxındır. Onlardan 20-yə yaxını dövlətlə sıx əməkdaşlıq edənlər, digər 10-a yaxını isə tam müstəqil və ya siyasi qüvvələrə bağlıdır.
“Hazırda bizim qarşımızda postmünaqişə problemlərinin həlli, azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və ora məcburi köçkünlərin qayıdışı kimi ciddi çağırışlar durur. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlər aparılır. Bu proses özlüyündə beyin mərkəzləri üçün əvəzedilməz tədqiqat mövzusu və fəaliyyət istiqamətidir”, - deyə S.Yusifova bildirib.
Sonra çıxış edən Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc müstəqillik tarixində Azərbaycan Beyin Mərkəzlərinin ilk dəfə keçirilən Forumunun müqəddəs Vətən müharibəsinin başlamasının ikinci ildönümünə təsadüf etməsini hazırkı regional və beynəlxalq çağırışlar fonunda mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, bəşəriyyətin yeni dünya düzəni ilə üz-üzə qaldığı bir vaxtda dövlətimiz yerləşdiyi coğrafiyada son üç əsrdə heç vaxt indiki qədər güclü olmayıb. Soyuq müharibədən qanlı savaşlara keçidin simvolu olan Birinci Qarabağ müharibəsi 30 il əvvəl bir imperiyanın çöküşünün rəmzi idisə, indi dünyada dəyişiklikləri sürətləndirən Vətən müharibəsi yeni təhlükəsizlik arxitekturasının müjdəçisidir. Əlbəttə, xalqımızın uzun illər can atdığı və sonda qazandığı Qələbə dünyada bütün savaşları ədalətlə bitirmək üçün nadir nümunədir.
“Bizim ən böyük beyin mərkəzimiz ulu öndər Heydər Əliyevin şəxsiyyəti və siyasi irsi, Zəfərimiz, Prezident İlham Əliyevin qələbə modelidir. Qoca tarix sübut edir ki, güclü silahlar deyil, beyinlər, parlaq zəkalar qalib gəlir. Ona görə də Zəfəri beyinlərə yazan mərkəzlərə çevrilmək ən böyük vəzifəmizdir”, - deyə Z.Oruc əlavə edib.
Paytaxt Bakıda və Azərbaycanda gördüyü dəyişikliklərin onu çox sevindirdiyini vurğulayan Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) direktoru türkiyəli diplomat Alev Kılıç bugünkü müzakirələrin faydalı olacağına əminliyini bildirib.
Diplomat deyib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb. Bütün bunların günahkarı təbii ki, kənardan olan manipulyasiyalara uyan Ermənistandır. İnanırıq ki, Ermənistan nəhayət sağlam qərar verə biləcək və sülhə gələcək.
“Cənubi Qafqaz əlverişli coğrafi mövqedə yerləşir və biz də bu regionun bir parçasıyıq. Sülh və davamlı inkişaf naminə səylərimizi birləşdirməli və yol xəritəmizi müəyyənləşdirməliyik”, - deyə Alev Kılıç əlavə edib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında dünyamızın sürətlə dəyişdiyini qeyd edib. Vurğulayıb ki, qlobal problemlər fonunda sosial tədqiqat mərkəzlərinin üzərinə böyük məsuliyyət düşür.
Prorektor diqqətə çatdırıb ki, hazırda əsas çətinlik məlumatlara çıxışla bağlıdır. İnformasiya əldə etmək asanlaşdırılmalıdır. İkinci çətinlik maliyyə məsələsidir. Çünki keyfiyyət və kəmiyyət bir-biri ilə əlaqəlidir.
Sosial mediadan da danışan Fariz İsmayılzadə bildirib ki, gənc analitiklərlə təlimlər aparılmalı, unudulmuş sahələrə diqqət artırılmalıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı informasiya və texnologiya inqilabının beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılmasında əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, yığcam material və təhlillərə ehtiyac var.
Vüsal Qasımlı bildirib ki, dünya təcrübəsinə baxdıqda, elm və təhsilin əlaqəli və kompleks işləməsi çox faydalıdır. Ölkəmizdə bu istiqamətdə mühüm işlər aparılır.
Qeyd olunub ki, insanlar arasında sosioloji sorğuların keçirilməsi rəyi öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir. Beyin mərkəzləri data, yəni, material əsasında dövlət idarəçilik orqanları ilə əlaqəli işləməlidir.
Sosial mediaya toxunan Vüsal Qasımlı sosial şəbəkələrin cəmiyyətin barometri rolunu oynadığını diqqətə çatdırıb. Bildirilib ki, data yaradılıb və istifadəyə açıqdır. Yaxın vaxtlarda Bakıda, Gəncədə və Şuşada bununla bağlı tədbirlər keçiriləcək.
Forum işini “Vətən müharibəsindən sonra Cənubi Qafqaz evinin qurulmasına xidmət edən sülh prosesində beyin mərkəzlərinin rolu”, “Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, iqtisadi inkişaf və Böyük Qayıdışla bağlı beyin mərkəzlərinin töhfələri” və “Qloballaşan dünyada milli kimliyin qorunması problemi” mövzularında panel iclasları ilə davam etdirib.
Panel müzakirələrində İslamabad Strateji Araşdırmalar İnstitutunun sədri, pakistanlı diplomat Xalid Mahmud, Belçika Krallığının “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold de Chevilly, Beynəlxalq Münasibətlər üzrə Eqmont Kral İnstitutunun nümayəndəsi Bernard Siman, Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin direktoru Araz Aslanlı, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Qarabağ Dirçəliş Fondunun (QDF) Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov, STEM Mərkəzinin həmtəsisçisi və direktoru Orxan Yolçuyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Ekspertlər Şurasının üzvü Fərqan Novruzov, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov və digərləri çıxış ediblər.
Xatırladaq ki, Forumun keçirilməsində əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasının təmin edilməsidir.
Forum çərçivəsində aparılan müzakirələr və verilən təkliflərin təhlili növbəti addımlar üçün istiqamətlərin müəyyənləşdirilməsinə imkan yaradacaq. Forum, eyni zamanda, beyin mərkəzlərinin cəmiyyətdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
AQTA nöqsanlar aşkarlanan “Can Ciyər” kafesini bağlatdırıb
Azərbaycan nefti 76,19 dollara satılır
Küləkli hava şəraiti sabah səhər saatlarınadək davam edəcək
"İnterpol"la axtarılan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
"Azercell” COP29-un telekommunikasiya tərəfdaşıdır
Finlandiyada NATO təlimlərinə start verilib
AFFA rəsmisi UEFA-dan təyinat alıb
ABŞ səfirliyi ikiillik İcma Kolleci proqramını elan edib
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Sabah Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək
Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfərə gedib
Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib
İlham Əliyev Cabbar Musayevi Naxçıvan şəhərinə icra başçısı təyin edib
Mayya Sandu yenidən Moldova prezidenti seçilib
Azərbaycan-Estoniya matçının biletləri satışa çıxarılıb
Sabah Bakıda 14° isti olacaq
Oktyabrda dövlət sərhədini pоzan 65 nəfər saxlanılıb
Gürcüstanda bir gündə iki dəfə zəlzələ olub
Prokuror olmaq istəyənlər 161 hüquqşünas yazılı imtahan verir
Yol Polisi "COP29"la bağlı sürücülərə müraciət edib
Bakıda “COP29"la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb