logo

Bakıda 301 şəhidin adı yazılan Memorial Kompleksin açılışı olub

11:01 28-09-2022 | icon 1526
Bakıda 301 şəhidin adı yazılan Memorial Kompleksin açılışı olub

Bakıda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksin açılışı olub.

YeniAvropa xəbər verir ki, tədbirdə şəhid ailələri, müharibə veteranları, Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Memorial Kompleksin qarşısına əklil və gül dəstələri qoyulub.

Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev deyib ki, Memorial Kompleks Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Binəqədi rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucaldılıb.

O qeyd edib ki, Memorial Kompleksin mənəvi əhəmiyyəti böyükdür: "Binəqədi rayonunda şəhidlərimizin xatirəsinə Binəqədi, Biləcəri, Xocəsən qəsəbələrində Xatirə Kompleksləri, elə bu ərazinin yaxınlığında - Dərnəgül park ərazisində Vətən müharibəsində şəhadətə qovuşmuş üç min şəhidimizin əziz xatirəsinə yaşıllıq ərazisi salınıb. Bu gün Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində canlarını fəda edən Binəqədi rayon şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksə 301 şəhidimizin adı və soyadı həkk olunub. Elektron tabloda bu şəhidlərimizin həyat tarixçəsi və keçdiyi döyüş yolu haqqında məlumatlar yer alıb".